Sunday 9 April 2017

Elmi məqalələr necə yazılmalıdır.. əsas tələblər

Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri
elmi nəşrlər qarşısında qoyulan tələblər
 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 2010-cu il 30 aprel tarixli iclasında (protokol №10-R) “Azərbaycan Respublikasında dissertasiyaların
əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər” təsdiq edilmiş və bu məsələ ilə bağlı dövri elmi nəşrlərin baş redaktorlarının iştirakı ilə keçirilmiş elmipraktik seminarda qeyd olunan faydalı tövsiyələr nəzərə alınmışdır.
qaynaq: http://www.aak.gov.az/bulleten/xususi.pdf

Məqalələrin mətnləri Times New Roman-12 şrifti ilə (məsələn, Azərbaycan dilində latın əlifbası, rus dilində kiril əlifbası, ingilis dilində ingilis əlifbası ilə) 1 intervalla çap olunmalıdır.



1. Dövri elmi nəşr Azərbaycan Respublikası Ədliyyə Nazirliyində
dövlət qeydiyyatından keçməlidir.

2. Dövri elmi nəşr Beynəlxalq Standart Seriya Nömrəsi (İSSN)
almalıdır. Əgər dövri elmi nəşrin elektron variantı varsa, onda o da
qeydiyyatdan keçərək E-İSSN kodu almalı və internetdə yerləşdirilməlidir.

3. Dövri elmi nəşrin internetdə saytı olmalı və onun “online” olaraq
məqalə qəbul etmək imkanı olmalıdır.

4. Dövri elmi nəşrin təsisçisi və ya təsisçiləri aydın şəkildə qeyd
olunmalıdır.

5. Dövri elmi nəşrin redaksiya heyəti olmalıdır. Müxtəlif elm sahələri
üzrə məqalələr dərc edən dövri elmi nəşrdə hər bir elm sahəsinin ayrıca
redaktoru, redaksiya heyəti, uyğun elm sahələri üzrə mütəxəssislərdən
ibarət anonim rəyçiləri olmalı və bu rəyçilər siyahısının anonimliyi dövri
elmi nəşrin redaksiya heyəti tərəfindən qorunmalıdır. Redaksiya
heyətinin üzvləri dövri elmi nəşrin profilinə uyğun görkəmli mütəxəssislərdən
ibarət olmalı və onların redaksiya heyətinə daxil edilməsi üçün
yazılı razılığı olmalıdır. Dövrü elmi nəşrdə redaksiya heyəti üzvlərinin
hər birinin adı (tam şəkildə), elmi titulu, elmi dərəcəsi və elmi adı qeyd
olunmalıdır.

6. Məqalələr anonim rəyçilərin gizli rəyindən sonra sahə redaktoru və
ya redaksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa
tövsiyə və ya təqdim olunmalıdır. Məqalənin sonunda onu çapa təqdim
edən sahə redaktorunun və ya redaksiya heyəti üzvünün adı (tam şəkildə),
onun elmi titulu, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır. Təqdim
olunan məqalənin dərc olunmasından imtina edildiyi halda dövri elmi
nəşrin redaksiyası yazılı şəkildə müəllifə əsaslandırılmış imtina cavabı
göndərməlidir.

7. Dövri elmi nəşrin redaksiyası Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şuralarının
sorğularına cavab olaraq tələb olunan məqalənin dərc olunmasına dair
verilmiş rəyləri vaxtında təqdim etməlidir.

8. Ali təhsil müəssisəsi və ya elmi müəssisə tərəfindən nəşr olunan
dövri elmi nəşr müəssisənin elmi fəaliyyət istiqamətlərinə, yüksək
ixtisaslı elmi kadr potensialına, mövcud elmi infrastrukturuna, elmi
tədqiqat və mütəxəssis hazırlığı istiqamətinə və s. uyğun olmalıdır.

9. Dövri elmi nəşr öz profilinə uyğun məqalələri dərc etməlidir. Əgər
dövri elmi nəşr müxtəlif elm sahələri üzrə məqalələr dərc edirsə, onda
dövri elmi nəşrdə bölmələr olmalıdır: məsələn, riyaziyyat, fizika,
astronomiya və s. yaxud ədəbiyyatşünaslıq, dilçilik və s.

10. Dövri elmi nəşrdə onun dövriliyi göstərilməli və gözlənilməlidir.
Dövri elmi nəşrə 1-2, 3-4, 3-5 kimi nömrələr qoymağa icazə verilmir.

11. Dövri elmi nəşrin redaksiyasının poçt ünvanı, telefon nömrəsi,
elektron poçt ünvanı göstərilməlidir.

12. Dövri elmi nəşrin formatı jurnal formatında olmalı və 250x180
mm-dən kiçik olmamalıdır.

13. Dövri elmi nəşr, elm sahələrinə uyğun olaraq, aşağıdakı
beynəlxalq xülasələndirmə və indeksləndirmə sistemlərindən ən azı birinə
daxil olmalıdır: Web of Science, Chemical Abstracts, Current Abstracts,
CAB Abstracts, Computer and Control Abstracts, Physics Abstracts,
BIOSIS/Biological Abstracts, Historical Abstracts, Sociological
Abstracts, Geological Abstracts, SCOPUS, Web of Knowledge,
Astrophysics, Pub Med, Mathematics, Springer, Agris, Index Copernicus,
AGRICOLA, GEOBASE, EBSCOhost, Mathematical Reviews,
Zentralblatt Math, Index Veterinarius, ABI/Inform, ANBAR, COREJ,
Business Periodical Index, Philosopher’s Index, Science Citation Index
Expanded, Arts and Humanities Citation Index, Social Sciences Citation
Index, INSPEC, EMBASE, SPIN, Electrical and Electronics Index,
Energy Research Abstracts, Current Physics Index, GeoRef və s.

14. Dövri elmi nəşrin hər hansı bir nömrəsində və ya onun adında
dövri elmi nəşr redaksiyasının əvvəlcədən müəyyən etdiyi yalnız bir
seriyanı göstərməyə icazə verilir.

15. Dövri elmi nəşrdə “müəlliflərin mövqeyi redaksiyanın mövqeyi
ilə üst-üstə düşməyə bilər” kimi ifadələrə rast gəlindikdə həmin dövri
elmi nəşrin Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların
əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin
siyahısı”ndan çıxarılması məsələsinə baxılır.

16. Məqalələr dövri elmi nəşrin təsis sənədlərində qeyd edilmiş dildə
və ya dillərdə (məsələn, Azərbaycan, ingilis və rus dillərində) dərc oluna
bilər. Xarici dildə məqalələr dərc edən dövri elmi nəşrin redaksiya heyəti
üzvlərinin sırasında dərc olunan məqalənin aid olduğu elm sahəsi üzrə
xarici dili bilən tanınmış mütəxəssis olmalıdır.

17. Dövri elmi nəşr hansı dillərdə məqalə dərc edirsə, həmin dillərin
hər birində məqalə müəllifləri üçün qaydalar verilməlidir.

18. Dövri elmi nəşrdə baxılan elm və ya texnologiya sahəsində
qabaqçıl olan dünya ölkələrindən daxil olan məqalələrin çapına yer
verilməlidir.

19. Məqalələrin mətnləri Times New Roman-12 şrifti ilə (məsələn, Azərbaycan dilində latın əlifbası, rus dilində kiril əlifbası, ingilis dilində ingilis əlifbası ilə) 1 intervalla çap olunmalıdır.

20. Hər bir məqalə yeni səhifədə verilməli və səhifənin yuxarısında
dövri elmi nəşrin adını, ilini, cildini, sayını, məqalənin başlanğıc və son
səhifələrini bildirən başlıq olmalıdır.
21. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə(lər) və həmin
müəssisənin (müəssisələrin) ünvan(lar)ı, müəllif(lər)in elektron poçt
ünvan(lar)ı göstərilməlidir.
22. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə
uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi
əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.
23. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır.
Məqalənin sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan
ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla (məsələn, [1] və ya [1,
s.119] kimi işarə olunmalı) ya da əlifba ardıcıllığı ilə nömrələnməlidir.
Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda
istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
24. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat
tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun
növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq
verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi
tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin,
məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin
biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları”
barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat”
bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.
25. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi
məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük
verilməlidir.
26. Dərc olunduğu dildən əlavə başqa iki dildə məqalənin xülasəsi
verilməlidir. Məqalələnin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni
olmalı və məqalənin məzmununa uyğun olmalıdır. Məqalədə müəllifin
və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi
əhəmiyyəti və s. xülasədə yıgcam şəkildə öz əksini tapmalıdır. Xülasələr
elmi və qramatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə
məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.
27. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar
sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin
yazıldığı dillərdə) verilməlidir.
28. Məqalənin redaksiyaya daxil olma, təkrar işlənməyə göndərilmə
və çapa qəbul olunma tarixləri sonda göstərilməlidir.

29. Dövri elmi nəşrin redaksiyası məqalənin dərc olunması ilə
əlaqədar olaraq müəllif və ya müəlliflərin razılığını, göndərilən məqalənin
əvvəllər dərc olunmadığını (məqalənin tezis şəklində dərc olunmuş
variantı istisna olmaqla), məqalənin hər hansı bir dildəki variantının eyni
zamanda digər dövri elmi nəşrlərə göndərilmədiyini və məqalə ilə bağlı
elmi-tədqiqat işinin hansı müəssisədə yerinə yetirildiyini əks etdirən anket
hazırlamalıdır. Bu anketi müəllif(lər) imzalayıb redaksiyaya göndərməli
və ya dövri elmi nəşrin saytına daxil olub anketin elektron variantını
doldurmalı və onu elektron təsdiqləməlidir(lər).
30. Elmi jurnallarda “əvvəli ötən saylarımızda”, “ardı növbəti
nömrədə” adı altında seriya məqalələrin dərc olunmasına icazə verilmir.
31. Dövri elmi nəşrin əvvəlki nömrələrində dərc olunmuş
məqalələrdə rast gəlinən ciddi səhvlər və ya texniki qüsurlara dair düzəliş
və qeydlər elmi nəşrin növbəti nömrələrindən birində müəllif(lər)
tərəfindən yenidən verilə bilər. Bu halda əvvəlki məqalə ilə “DÜZƏLİŞ”
bölməsində verilən məqalənin adı eyni olmalıdır.
32. Plagiatlıq faktı aşkar edilən məqalələri dərc edən dövri elmi
nəşrin redaksiyasına Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyası tərəfindən ciddi xəbərdarlıq edilir və bu faktlara
təkrar rast gəlindiyi halda həmin dövri elmi nəşrin Ali Attestasiya
Komissiyasının müəyyən etdiyi “Azərbaycan Respublikasında dissertasiyaların
əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi
nəşrlərin siyahısı”ndan çıxarılması məsələsinə baxılır.
33. Dövri elmi nəşrin zəruri nüsxələri, ixtisaslara uyğun olaraq,
Azərbaycan Respublikasında dissertasiyaların avtoreferatlarının göndərildiyi
təşkilatlara, o cümlədən Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasına göndərilməlidir. Elmi nəşrin hər
bir nömrəsinin nəzərdə tutulmuş kitabxanalardan hər birinə göndərilən
nüsxələrinin sayı ikidən az olmamalıdır.
34. Dövri elmi nəşrin minimal tirajı müəyyən edilərkən 33-cü bəndin
tələbləri nəzərə alınmalıdır.
35. Dövri elmi nəşrin redaksiyasına doktorant və dissertantlardan
həmin elmi nəşrdə məqalələrin dərc olunması üçün rüsum alınmasına
icazə verilmir.
36. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası tərəfindən keçirilən növbəti monitorinq nəticəsində
yuxarıdakı tələbləri ödəməyən dövri elmi nəşrlərin “Azərbaycan
Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə
edilən dövri elmi nəşrlərin siyahısı” ndan çıxarılması məsələsinə baxılır.

Qeyd:
Yeni dövri elmi nəşrin və ya son siyahıya daxil edilməmiş dövri elmi
nəşrin “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin
dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil
edilməsi üçün həmin dövri elmi nəşrin son on iki ay ərzindəki axırıncı iki
nömrəsi müəssisə rəhbərinin və ya baş redaktorun müraciət məktubu ilə
birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasına təqdim edilməlidir. 

No comments:

Post a Comment

Öne Çıkan Yayın

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ Yaxın Şərq və Şimali Afrika ölkələrinin tarixində xüsusi yer tutan Ərəb Baharının nəticələrinin araşdırılması...