Tuesday 10 January 2017

Dissertasiya necə yazılmalı, Dissertasiyanın strukturu, Əsas tələblər


1. Dissertasiyanın strukturu: 


- üz vərəqi; 
- mündəricat; 
- ixtisarların siyahısı (dissertasiyada varsa); 
- giriş; 
- əsas hissə (dissertasiyanın məzmunu); 
- nəticə; 
- istifadə edilmiş ədəbiyyat; 
- əlavələr. 

Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir. 

2. Dissertasiyanın tərtib edilməsi qaydaları: 

2.1. Əsas tələblər


2.1.1. Dissertasiyanın mətni makinada (qara lentdən və qara surətçıxaran kağızdan istifadə etməklə) və ya kompyuterdə çap olunur. Çap A4 (210x297 mm) formatlı ağ kağızın bir üzündə, makinada sətirlər arasındakı məsafə 2 interval, kompyuterdə isə 1,5 interval olmaqla yerinə yetirilməlidir. 
2.1.2. Kompyuterdə yığılan mətn aşağıda göstərilən şriftlərə çap olunmalıdır: 
- Azərbaycan dilində latın əlifbası ilə Az-Times Lat-14, Az Tms 97 Lat-14, Alk-Az-Tms-14, A3 Times AzLat-14, Times Roman AzLat-14 şriftləri ilə; 
- rus dilində kiril əlifbası ilə Times New Roman Cry-14, Rus Helviltica-14, Arial (Cyr)-14 şriftləri ilə; 
- ingilis dilində mətn Times New Roman-14, Arial-14 şriftləri ilə çap olunur. 
Şəkillər və cədvəllər A3 (297x420 mm) formatda da yerinə yetirilə bilər. 
2.1.3. Dissertasiyanın mətni boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol boş sahə-30 mm, sağ-10mm, yuxarı və aşağı-20 mm (yuxarı və sonuncu sətrə qədər). 
2.1.4. Sözlər arasındakı məsafəni nəzərə almaqla, sətirdəki işarələrin sayı 60-65-dən az olmamalıdır. Səhifədə sətirlərin sayı 29-31 olmalıdır. 
2.1.5. Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni qaralıqda olmalıdır. 
2.1.6. Dissertasiyanın mətninə ayrı-ayrı sözlər, formullar, şərti işarələr qara mürəkkəb və ya qara tuşdan istifadə etməklə əlavə oluna bilər. Əlavə mətnin sıxlığı əsas mətnin sıxlığına yaxın olmalıdır. 
2.1.7. Dissertasiyada çapdan sonra aşkar edilmiş səhvlər və qrafik yanlışlıqlar düzəldilə bilər. Hər səhifədə düzəlişlərin sayı ikidən çox olmamalıdır.
2.1.8. Doktorluq dissertasiyasının həcmi 200-250 səhifə, namizədlik dissertasiyasının həcmi 100-150 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi 20-30 % artıq ola bilər. 
2.1.9. Dissertasiyanın əsas mətni fəsil, yarımfəsil və bəndlərə bölünür. 
2.1.10. Fəsillərin başlıqları mətnə simmetrik şəkildə, böyük hərflərlə, yarımfəsillərin başlıqları isə abzasdan başlayaraq sətri hərflərlə yazılmalıdır (birinci baş hərf istisna olmaqla). Başlıqların yazılışında sözlər sətirdən sətrə keçirilməməli, başlığın sonunda nöqtə qoyulmamalıdır. Əgər başlıq iki cümlədən ibarətdirsə, onları nöqtə qoymaqla bir-birindən ayırmaq lazımdır. 
2.1.11. “Mündəricat”, “Giriş”, “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat”, “əlavələr” sözləri dissertasiyanın uyğun struktur hissəsinin başlığı kimi qəbul edilməlidir. 
2.1.12. Fəsil və yarımfəsil arasındakı, eləcə də başlıq və mətnin (bəndin) arasındakı məsafə 2 interval olmalıdır. Başlığın altından xətt çəkmək olmaz. 
2.1.13. Hər fəsil yeni səhifədən başlanmalıdır. 

2.2. Nömrələmə 

2.2.1. Dissertasiyanın səhifələri ərəb rəqəmləri ilə nömrələnir. 
Dissertasiyanın səhifələri nömrələnərkən üz vərəqi də nəzərə alınır. Üz vərəqində nömrə çap edilmir, ondan sonra gələn səhifə “2” rəqəmi, sonrakı səhifələrdə isə ardıcıl nömrələr səhifənin yuxarı sağ küncündə çap edilir. Səhifələr (əlavələr, arayışlar, aktlar və s. daxil olmaqla) ardıcıl olaraq nömrələnir. 
2.2.2. İstifadə olunmuş ədəbiyyat siyahısına daxil olan bütün nəşrlər ərəb rəqəmləri ilə ardıcıl nömrələnməlidir. 
2.2.3. Fəsillər rum rəqəmləri ilə ardıcıl olaraq nömrələnir (məsələn: I fəsil). Mündəricat, giriş və nəticəyə nömrə qoyulmur. 
2.2.4. Yarımfəsil nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və yarımfəslin nömrələrindən ibarətdir. Yarımfəslin sonunda nöqtə işarəsi qoyulur, məsələn: 2.5. (ikinci fəslin beşinci yarımfəsli). 
2.2.5. Yarımfəslin daxilində bəndlər olduqda onlar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir. Bəndi nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, yarımfəslin və bəndin nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur, məsələn: 2.5.1. (ikinci fəslin beşinci yarımfəslinin birinci bəndi). 
2.2.6. Ayrıca səhifədə yerləşən illüstrasiyalar da (cədvəllər, çertyojlar, sxemlər, qrafiklər) dissertasiyanın səhifələri kimi nömrələnir. Ölçüləri A4 formatından böyük olan cədvəllər, şəkillər, çertyojlar bir səhifə kimi qəbul edilir və dissertasiyanın sonunda nəticədən sonra onların mətndəki sıra ardıcıllığı ilə yerləşdirilir. 
2.2.7. Dissertasiyanın mətni və cədvəllərə arayış və aydınlaşdırıcı xarakter daşıyan qeydlər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnməlidir. Əgər cəmi bir qeyd varsa, o nömrələnmir, əgər qeydlərin sayı birdən çoxdursa, “Qeyd” sözündən sonra iki nöqtə qoyulur və qeydlər nömrələnir. Məsələn: 
Qeyd: 
1. ... 
2. ... 
Qeydlərin çapı üçün şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır. 

3. İllüstrasiya

3.1. İllüstrasiyalar keyfiyyətli olmalıdır. Şəkillər həm qara tuş və ya qara mürəkkəblə çəkilə bilər, həm də rəngli ola bilər. 
Dissertasiyada ancaq kompyuter və ya cizgi yolu ilə yerinə yetirilmiş şəkillərdən və orijinal fotolardan istifadə etmək olar. 
A4 formatından kiçik olan fotolar standart ağ vərəq yapışdırılmalıdır. 
3.2. İllüstrasiyalar elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara baxmaq mümkün olsun. İllüstrasiyalar mətndə onlara birinci istinaddan sonra yerləşdirilməlidir. 
3.3. İllüstrasiyalar (cədvəllərdən başqa) “Şək.” sözü ilə nişanlanır və fəslin daxilində ərəb rəqəmləri ilə nömrələnir. İllüstrasiyanın nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin nömrəsindən və illüstrasiyanın ardıcıl nömrəsindən və illüstrasiyanın ardıcıl nömrəsindən ibarətdir. Məsələn: Şək. 1.2 (birinci fəslin ikinci şəkli). 
İllüstrasiyanın nömrəsi və adi illüstrasiyanın altında yerləşdirilir. 

4. Cədvəllər

4.1. Rəqəmli materiallar, adətən, cədvəl kimi tərtib olunur. Hər bir cədvəlin başlığı olmalıdır. “Cədvəl” sözü və başlıq böyük hərflərlə başlanmalıdır. Başlığın altından xətt çəkilməlidir. 
4.2. Cədvəl, mətndə onun ilk xatırlanmasından sonra elə yerləşdirilir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərildikdən sonra onu oxumaq mümkün olsun. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə səhifədə yerləşdirmək olar. 
4.3. Fəslin içindəki cədvəllər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir (əlavədə verilmiş cədvəllər istisna olmaqla). Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin nömrəsindən və cədvəlin ardıcıl nömrəsindən ibarətdir. Məsələn: cədvəl 1.2. (birinci fəslin ikinci cədvəli). Əgər dissertasiyada cəmi bir cədvəl varsa, onu nömrələmək və “Cədvəl” sözü yazmaq lazım deyildir. 
4.4. Əgər cədvəl iki və daha çox səhifədə yerləşirsə, “Cədvəl” sözü və onun nömrəsi cədvəlin birinci səhifəsinin sağ üst tərəfində bir dəfə göstərilir; cədvəlin qalan hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Əgər dissertasiyada bir neçə cədvəl varsa, onda “ardı” sözünün qarşısında cədvəlin nömrəsi yazılır. Məsələn: cədvəl 1.2-nin ardı. 
Cədvəlin adı və nömrəsi cədvəlin üstündə yerləşdirilir. Nömrə sağ küncdə çap edilir. 
4.5. Cədvəllərin sütun və sətirlərin başlıqları, onların içərisindəki məlumatlar üçün şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır. 

5. Formullar

5.1. Mətndə verilən formullar (sayı birdən artıqdırsa) ərəb rəqəmləri ilə ardıcıl nömrələnməlidir. Formulun nömrəsi bir-birindən nöqtə ilə ayrılmış fəslin və formulun ardıcıl nömrələrindən ibarətdir. Formulun nömrəsi onunla bir səviyyədə səhifənin sağ tərəfində mötərizənin içində yazılır. Məsələn: (3.1)-yəni üçüncü fəslin birinci formulu. 
5.2. Formulda rast gəlinən simvolların qiyməti və ədədi əmsalların izahı, onların formuldakı yerləşmələr ardıcıllığını nəzərə alaraq, bilavasitə formulun altında verilir. Hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməlidir. İzahatın birinci sətri “Burada” sözündən başlamalıdır. 
5.3. Tənlikləri və formulları mətndən boş sətirlər vasitəsilə ayırırlar. Hər formulun üstündə və aşağısında bir-iki boş sətir olmalıdır. Əgər tənlik bir sətrə yerləşməyibsə, onun ardı bərabərlik (=) və ya plyus (+), minus (-), vurma (x), bölmə (:) işarələrindən sonra yeni sətrə keçirilə bilər. 

6. Biblioqrafik istinadlar

6.1. Dissertasiyanın mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə göstərilir. Məsələn: [115] və ya (115) 
6.2. Dissertasiyanın mətnində böyük həcmli kitab(lar)ın müxtəlif səhifələrinə bir neçə dəfə istinad olunduğu halda ədəbiyyat siyahısında bu mənbə yalnız bir dəfə göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı nömrəsi, cild(çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) göstərilir. Məsələn: [39, 250-252], [153, s. 2,106] və mətnin digər bir yerində [39,156], [153, c.1,86-91] və s. 
Mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyildir. 

7. Üz vərəqi

Üz vərəqi dissertasiyanın birinci səhifəsidir, nömrələnmir və “Dissertasiya şuraları haqqında” əsasnamədəki əlavə 1,5-ə uyğun olaraq tərtib edilir. 

8. Mündəricat

Mündəricatda bütün fəsillər, yarımfəsillərin və bəndlərin başlıqlarının dissertasiyanın hansı səhifəsindən başlandığı göstərilir. 

9. Şərti işarələr, simvollar, vahidlər və terminlər siyahısı

9.1. Əgər dissertasiyada spesifik terminologiya, həmçinin geniş yayılmamış ixtisarlar, yeni simvollar, işarələr və s. istifadə edilirsə, onların siyahısı “İxtisarların siyahısı” başlığı altında ayrıca vərəqdə dissertasiyanın əvvəlində verilməlidir. 
9.2. Siyahı sütun şəkildə yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ tərəfində isə onun dəqiq açılışı verilir. 
9.3. Əgər dissertasiyada xüsusi terminlər, ixtisarlar, simvollar, işarələr üç dəfədən az təkrar edilirsə, onda siyahı tərtib edilmir, bunların açılışı isə mətndə onların birinci dəfə adı çəkilən kimi verilir. 

10. İstifadə edilmiş ədəbiyyat

10.1. Dissertasiya işində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə, ardıcıl nömrələnərək siyahıda göstərilir. 
10.2. İstifadə edilmiş ədəbiyyat siyahısında son 5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir. 
10.3. Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti işarələrdən istifadə edilir: 
. nöqtə
, vergül
: iki nöqtə
/ çəpəki xətt
// qoşa çəpəki xətt
( ), [] mötərizə
10.4. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən asılı olaraq verilməlidir. Siyahıya daxil olan mənbələr haqqında məlumat aşağıdakı kimi göstərilir. 
10.4.1. Kitabların (monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik təsviri müəllifin və ya kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək olduqda müəllifin və ya müəlliflərin soyadı və inisialları ilə verilir
Məsələn: Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 284 s. 
Мамедов М.Г., Кребс Р.И. Иммуноферментный анализ: теория и практика. М.: Кристалл, 1999, 109 с. 


Bir qayda olaraq dissertasiyanın “Giriş”hissəsi aşağıdakıları əhatə edir:
- Mövzunun aktuallığı;
- Tədqiqatın əsas məqsədi və vəzifələri;
- Tədqiqatın obyekti və predmeti;
- Tədqiqatın informasiya bazası və işlənməsi metodları;
- Tədqiqatın elmi yeniliyi;
- Tədqiqatın praktiki əhəmiyyəti.

Tədqiqatın aktualallığı - secilmiş movzu və ya problemin vacibliyi, onun tədqiq edilməsinin zəruriliyi fakt və dəlillərlə əsaslandırılır. Problemin mahiyyəti, fərqləndirici xüsüsiyyətləri, mürəkkəbliyi və s. kimi aspektlər öz əksini tapır.

Tədqiqatın məqsəd və vəzifələri – tədqiqat nəticələrinin şuurda, təfəkkurdə aydın surətdə təsvir edilməsidir. Aparılan tədqiqatla əldə edilməyə calışılan niyyət, məram, arzudur. Tədqiqatın məqsədi oncədən umumiləşmiş halda tədqiqatcının xəyalında, əqlində oz əksini tapır, sonra buna uyğun olaraq tədqiqatın butun digər komponentləri secilir. Məqsədin ardından məqsəddən irəli gələn tədqiqatın vəzifələri şərh olunur. Tədqiqatın vəzifələri konkret istiqamətləri səciyyələndirir və adətən: öyrənilir, müəyyən edilir, təyin olunur, şərhi verilir, göstərilir, araşdırılır, ümumiləşdirilir və s. kimi ifadə sonluqları əsasında formalaşdırılır.

Tədqiqatın obyekti və predmeti – Tədqiqatın obyekti mövzunun oyrənilməsi, tədqiq edilməsi ücün seçilmiş yer, məkan, predmet, hadisə və ya prosesi ifadə edir. Predmet isə, tədqiqat işinə təyinat verir, tədqiqaqatın mövzusunu muəyyənləşdirir və bu baxımdan da dissertasiyanın tütul vərəqində təsbit olunan adla uzlaşır.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları – burada əldə edilən materialların, informasiyaların (rəsmi, elmi, ədəbiyyat, biblioqrafik) mənbələri və tədqiqat zamanı müəllif tərəfindən istifadə edilən tədqiqat  metodları (məsələn, ümumiləşdirmə, sistemləşdirmə, qruplaşdırma, muqayisə etmə, təhlil, ölcmə və s. kimi nəzəri; muşahidə, musahibə, eksperiment kimi empirik; mücərrədləşdirmə, induksiya və deduksiya, modelləşdirmə və s. kimi həm emprik, həm də nəzəri səviyyəli tədqiqat metodları) haqqında ümumi məlumat verilir.

Tədqiqatın elmi yeniliyi – tədqiqat nəticəsində əldə edilən və tək-təkcümlələrlə ifadə edilən orijinal elmi və praktiki nailiyyətlərdir. Tədqiqatçı çalışmalıdır ki, hər bir fəsil üzrə müəyyən elmi yeniliyə nail olsun. Yeniliklər: «ümumi yanaşmalardan fərqlənir», «daxil edir», «tətbiq edilməklə alınmışdır», «imkan verir» və s. kimi ifadələrlə təqdim olunur.

Tədqiqatın praktiki əhəmiyyəti – burada dissertasiyanın mahiyyətindən irəli gələn ümumi frazalarla yanaşı, onun konkret və aydın təcrübi əhəmiyyətli, tətbiq sferası və praktiki əhəmiyyəti göstərilməlidir. Tədqiqatçının mövzu üzrə elmi əsərləri olduqda sonluqda onların siyahısı verilir. Əgər iş aprobasiya üçün qəbul edilmişsə, bu zaman tətbiq üzrə akt və arayışlar təqdim olunur. Dissertasiyanın “Giriş”i cox əhəmiyyətli və məsuliyyətli hissədir. Belə ki, dissertasiyanın girişindən tədqiqatın məzmunu, əhəmiyyəti, səviyyəsi haqqında muəyyən təsəvvurə malik olmaq olur. Dissertasiyanın “Giriş” hissəsi 4 səhifədən cox olmamalıdır.

I Fəsildə secilmiş movzu və ya problemin əsaslandırılmış nəzəri konsepsiyalarının icmalı əks etdirilir. Burada movzunun umumi məsələləri, oyrənilmə səviyyəsi, müvafiq elmi və tədris ədəbiyyatlarında, dərslik və dərs vəsaitlərində əksini tapan nəzəri konsepsiyalar, aparılan tədqiqatlar, praktikanın başlıca inkişaf meylləri təhlil edilir və onlar müəllifin tənqidi yanaşmasında qiymətləndirilidir. Eyni zamanda mövzuya metodoloji yanaşma tərzi ifadə edilir, tədqiqat obyekti və predmetinin dəqiq şərhi verilir, çatışmamazlıqlar və zəif tərəflər öz əksini tapır. Tovsiyə edilir ki, tədqiqatın obyekti və predmetinin olkəmizdə və imkan olarsa xarici olkələrdə oyrənilmə səviyyəsi də araşdırılsın. Bir sözlə, dissertasiyanın birinci fəslindən tədqiqatın umumi cəhətlərini, əsas istiqamətlərini aydın gormək olur.

II Fəsil konkret situasiya, proses və fəaliyyət göstəricilərinin təhlilinə həsr olunur. Bu bölmə məzmunca təhlili хarakteri daşıyır. Konkret firma, sahə və sferanın timsalında fəaliyyət praktikası tədqiq olunur, hərəkət meхanizmi açıqlanır və təhlil edilir. Təhlil zamanı tədqiq olunan sahənin vəziyyətini və dinamikasını хarakterizə edən statistik məlumatlardan, hesabat materiallarından geniş istifadə olunur. Bu bölmədə baхılan problemin tədqiqat istiqaməti üzrə konkret təhlil nəticələri əks etdirilir.

III Fəsildəmüəllif tərəfindən aparılan tədqiqatın təhlilinin əsaslandırılmış nəticələri əks etdirilir, nəticələr qiymətləndirilir. Burada müvafiq hesablama və qiymətləndirməyə əsaslanan təkmilləşdirmə xarakterli metodiki və təşkilati tədbirlər təklif olunur. Dissertasiya işindəki hər fəslin 2-dən az olmayan yarım fəsilləri olmalıdır. Zəruri elmi-metodoloji əsaslandırmalarla tədqiqatın fəsillərinin sayı artırıla bilər.

Dissertasiya işi “Nəticə” ilə sona çatır.Bu hissədə aparılmış tədqiqat işi üzrə əldə edilmiş konkret nəticələrin yığcam şərhi verilir. Muəllifin maraq doğuran təklif və tövsiyyələri, gətirdiyi yeniliklər qeyd edilir. Yaxşı olar ki, nəticə və təkliflər bəndlərlə və yaxud tezis şəklində konkret olaraq gostərilsin. Ümumilikdə, nəticə və təkliflər müəllif tərəfindən qoyulan məqsəd və vəzifələrə uyğun olaraq problemin ardıcıl həllini göstərməli və tədqiqatın dolğun şəkildə bitməsini təmin etməlidir.

İstifadə edilmiş ədəbiyyat: Tədqiqat işinin yazılması prosesində müəllif müvafiq istiqamətdə mövcud mənbələrə istinad etməyə borcludur. Bunun üçün də o, istinad etdiyi və sitat gətirdiyi ədəbiyyatın siyahısını tərtib etməlidir. İstifadə edilmiş ədəbiyyat siyahısı muəyyən mənada tədqiqatın elmi mədəniyyəti, etikası deməkdir. Ədəbiyyat siyahısından magistrantın səviyyəsi, problemlə bağlı məlumatlılığı özünü göstərir. Ədəbiyyat siyahısı real olmalıdır: yalnız istifadə edilmiş ədəbiyyat siyahıya daxil edilməlidir.

Əlavələr, əlavə əhəmiyyətə malik olmaqla yanaşı dissertasiyanın əsas mətninin tərkib hissəsidir. Əlavələr dissertasiyanın məzmununu tamamlayır. Yalnız ehtiyac olduqda dissertasiyanın məzmununa əlavələr verilir. Əlavələr muxtəlif ola bilər. Bir qayda olaraq, burada əsas hissəyə daхil edilməyən informasiya materialları (hesablat formaları, qrafiklər, sхemlər, bir sıra analitik cədvəllər və s. sənədlər) təqdim olunur. Əlavələr işin ümumi həcminin 15%-indən çoх olmamalıdır.

Xülasə azərbaycan, ingilis (abstract), rus(аннотация) və türk (özet)dillərində, hər biri ayrı səhifədə bir vərəqdən çox olmamaq şərti ilə yazılır.

No comments:

Post a Comment

Öne Çıkan Yayın

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ Yaxın Şərq və Şimali Afrika ölkələrinin tarixində xüsusi yer tutan Ərəb Baharının nəticələrinin araşdırılması...