Monday 15 May 2017

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ

Yaxın Şərq və Şimali Afrika ölkələrinin tarixində xüsusi yer tutan Ərəb Baharının nəticələrinin araşdırılması qloballaşan dünyada siyasi hadisələrin təsirlərini öyrənmək baxımından əhəmiyyət kəsb edir. Adlandırıldığı kimi regiona “bahar” gətirməyən hadisələrin nəticələri ölkələr üzrə fərqli olmuşdur. Hadisələrin qısa müddətdə bölgədə sürətlə yayılması və hakimiyyət çevrilişləri ilə nəticələnməsi xüsusi maraq doğurur. Ərəb ölkələrində üsyan dalğasının beşiyi adlandırılan Tunisə “bahar” qısa müddətdə gəldiyi halda, bəzi ölkələrdə (Suriya, Liviya,Yəmən, İraq) isə  7 il keçməsinə baxmayaraq “ qış” davam edir.
2010-cu ilin dekabr ayının 17-də Tunisdə Məhəmməd Buazzizinin özünü yandırması ilə başlayan nümayişlər qısa zamanda bütün ölkə ərazisinə yayılaraq xalq hərəkatı halını aldı. Ölkəni 23 ildən artıq idarə edən Zeynalabdin Ben Əli 22 gün davam edən etiraz aksiyaları nəticəsində 14 yanvar 2011-ci ildə ölkədən qaçdı. Avstriya vəliəhdi Frans Ferdinandın 1914-cü ildə Gavrilo Princip tərəfindən öldürülməsi  I Dünya Müharibəsinin başlanması üçün ilk qığılcım olmuşdusa, Buazzizinin özünü yandırması da "Ərəb Baharı" kimi adlandırılan xalq hərəkatlarının  ilk qığılcımı olmuşdur.(Başkan,2) Ərəb ölkələrində anti-demokratik idarə forması olması, uzun illər eyni adam tərəfindən idarə edilmələri, rüşvətin geniş yayılması, sərvətlərin müəyyən təbəqənin əlində cəmləşməsi və s. bənzər problemlərin olması etiraz aksiyalarının sürətlə yayılmasına, oxşar tələblər irəli sürülməsinə səbəb olmuşdur. Belə vəziyyətin mövcudluğu hadisələrin “domino daşı” təsiri ilə bir-birini hərəkətə gətirməsi ilə müşayiət olundu.


Tunislilərin “Yasəmən İnqilabı” da adlandırdıqları xalq hərəkatı qonşu Misirdə öz təsirini göstərdi. 25 yanvar 2011-ci ildə başlayan etiraz aksiyaları nəticəsində ölkəni 31 ildən çox diktator kimi idarə edən Hüsnü Mübarək 11 fevral 2011-ci ildə istefa verdi.( Gelvin,44)




16 yanvar 2011-ci ildə Yəməndə başlayan nümayişlər qısa zamanda ölkə ərazisinə yayıldı, 30 ildir
iqtidarda olan Əli Abdullah Saleh islahatlar keçirəcəyini vəd etsə də etiraz aksiyalarının qarşısını ala bilmədi. İqtidar tərəfdarı sünnilər ilə  müxalif şiələr arasında vətəndaş müharibəsi başlandı. Prezident sarayına sui-qəsd cəhdləri, raket zərbələri oldu. 1 il davam edən nümayişlərdən sonra 21 yanvar 2012-ci ildə Saleh istefa verdi.(Ayhan,226) 2015-ci ilin 22 yanvarından başlayaraq ölkə ərazisində vətəndaş müharibəsi davam etməkdədir.
Ərəb Baharının hakimiyyət çevrilişi ilə nəticələndiyi növbəti ölkə Liviya oldu. Müəmmar Qəzzafi ölkəni 42 il idarə etmişdi və hakimiyətdən getmək fikri də yox idi. İqtidarı güclü olduğundan etiraz aksiyalarında iştirak edənlərə qarşı silahlı müqavimət göstərilməsini əmr etmişdi. BMT-nin Təhlükəsizlik Şurasının 1970 və 1973 saylı qərarlarına əsasən NATO Liviyaya hərbi müdaxilə etdi.(Ayhan,174) 17 fevral 2011-ci ildə başlayan nümayişlər 23 avqustda hakimiyyət çevrilişi ilə nəticələndi. Vətəndaş müharibəsi nəticəsində 40 mindən çox insan həyatını itirdi. 20 oktyabrda Qəzzafi müxalif qüvvələr tərəfindən Sirtə şəhərində tutularaq öldürülmüş olsa da, vətəndaş müharibəsi başa çatmayıb.(Ayhan,183) Ölkədə radikal islami qruplaşmalar ilə iqtidar qüvvələri arasında toqquşmalar davam etməkdədir.
Ərəb Baharı Suriya üçün fəlakət gətirdi. 26 yanvar 2011-ci ildə Dəməşq şəhərində başlayan nümayişlər müasir günümüzdə ölkə ərazisində vətəndaş müharibəsi halını alaraq davam etməkdədir. Körfəz ölkələrinin iqtisadiyyatı geniş islahatların keçirilməsinə, yeni iş yerlərinin yaradılmasına imkan yaratması baxımdan etiraz nümayişlərinin önünü almaqda xüsusi rol oynadı. İslahatlar keçirərək əhalinin güzəranı yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Hökumət kabinetləri istefa vererək yenidən təşkil olundu. Vəzifəsindən sui-istifadə edən nazir və məmurların həbs edildi. Referendum keçirilməsi və korrupsiya əleyhinə tədbirlər haqda addımlar atıldı. Sudan və Əlcəzairdə geniş miqyasdakı etiraz aksiyaları qarşısında iqtidar güzəştlərə getdi. Sudan prezidenti Bəşir növbəti seçkilərdə namizəd olmayacağını elan etdi. Əlcəzairdə 19 ildir davam edən fövqəladə hal ləğv edildi.
Ərəb Baharının ölkələr üzrə fərqli nəticələr göstərməsini daxili və xarici amillər ilə izah etmək olar. Daxili amillər olaraq iqtidarın islahatlar keçirməsi, ölkənin iqtisadi inkişaf səviyyəsi və ölkələr üzrə mövcud siyasi vəziyyəti qeyd etmək lazımdır. Xarici amillərə isə region ölkələrinin təsiri və böyük dövlətlərin müdaxiləsini qeyd etməliyik.
Xarici amillər nümayişlərin nəticələrinə önəmli təsir göstərdi. Böyük dövlətlərin xarici siyasət və maraqları Suriyada “Ərəb Qışı” yaşanmasına səbəb oldu.  Liviyada hakimiyyət əleyhinə müxalifətə hərbi yardım göstərilmiş, Bəhreyndə isə bunun əksi baş vermişdi.(Leech & Gaskarth,142) Bölgədə S. Ərəbistan və İranın təsirini xüsusi qeyd etmək lazımdır. Öz nüfuzunu gücləndirmək və genişləndirmək istiqamətində apardıqları siyasət sabitliyin yaranmasına ən böyük əngəllərdəndir. Yəməndə davam edən vətəndaş müharibəsi buna nümunədir.
Xalq hərəkatları yalnız ərəb ölkələri ilə sərhədlənmədi, bütün dünya siyasətinə təsir etdi, ərəb ölkələrindən ilhamlanaraq Avropa, Asiya, Şimali və Cənubi Amerikada bir çox ölkədə hakimiyyət əleyhinə nümayişlər keçirildi. 2011-ci ildə “Occupy movements” adlandırılan əksər ölkələri də əhatə edən böyük etiraz nümayişlərinə təsir etdiyi qeyd edilir.(Hammon,288)
2010-cu il dekabrın 17-də başlayan Ərəb Baharının üzərindən 7 il keçsə də regionda sabitlik bərqərar olmayıb. Tunis digərlərinə nisbətən demokratiya yolunda daha çox uğur əldə edib. Ərəb Baharının nəticələrini ölkələr üzrə aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Hakimiyyət çevrilişi oldu: Tunis, Misir
2) Hakimiyyət çevrilişi oldu və vətəndaş müharibəsi davam edir: Yəmən, Liviya
3) Etiraz nümayişləri və vətəndaş müharibəsi başlandı: İraq
4) Vətəndaş müharibəsi davam edir: Suriya
5) Etirazlar nəticəsində hökumət yeniləndi: Bəhreyn, İordaniya, Oman, Küveyt, Mərakeş, Livan
6) Kiçik miqyasda etirazlar baş verdi: Səudiyyə Ərəbistanı, Movritaniya, Cibuti,
7) Böyük miqyasda etirazlar baş verdi: Əlcəzair, Sudan

Regionda repressiyalar gücləndi-Misirdə hərbi çevriliş ilə Mursi hakimiyyətdən uzaqlaşdırıldı, Müsəlman Qardaşlar təşkilatının üzvləri repressiya və həbslərə məruz qaldı.
Sünni-şiə iğtişaşları dərinləşdi-Bəhreyn, Suriya, İraq, Yəmən ölkə daxilində hakimiyyət uğrunda mübarizə dini xüsusiyyət aldı.
Bölgədə terror və dini radikalizm gücləndi-İŞİD, Əl-Qaidə, Əş-Şəbab(Hərəkat əl Şəbab əl Mücahidin)
100 mindən çox insan həyatını itirdi.
Etiraz nümayişləri ərəb ölkələrinə demokratiya gətirdiyini demək yanlış olar, amma diktatura şəklində uzun illər idarə olunan ölkələrdə insanların demokratiya, azadlıq, insan hüquqları, ədalət, ölkənin sərvətlərinin mənimsənilməsi əleyhinə apardıqları mübarizəni  qeyd etmək lazımdır. Demokratiya uğrunda mübarizə heç də rahat olmur, bu baxımdan hadisələrə obyektiv yanaşmalıyıq.

Qaynaqlar
1. Birol Başkan, “Buazizi’nin Yaktığı Ateş: 21. Yüzyıl Başında Arap İsyanları”, Akademik Ortadoğu, Cilt:6, Sayı:1, 2011. http://www.akademikortadogu.com/belge/ortadogu11makale/birol_baskan.pdf
2. Veysel Ayhan, “Arap Baharı isyanlar,devrimler ve değişim”, Bursa, MKM yayınları, 2012, 480 s
3. James L. Gelvin, “The Arab Uprisings: What Everyone Needs to Know”, Oxford, Published 2012, by Oxford University press, 185 p
4. Philip Leech & Jamie Gaskarth “British Foreign Policy and the Arab Spring”, Published: Diplomacy & Statecraft, 26:139–160, 2015, http://socialsciences.uottawa.ca/governance/sites/socialsciences.uottawa.ca.governance/files/britishforeignpolicyandthearabspring.pdf
5. John L. Hammond, “The Anarchism of Occupy Wall Street”, Science & Society, Vol. 79, No. 2, April 2015, p 288-313, http://www.hunter.cuny.edu/sociology/faculty/john-hammond/repository/files/Hammond%20S-S.pdf

No comments:

Post a Comment

Öne Çıkan Yayın

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ

ƏRƏB BAHARININ NƏTİCƏLƏRİ Yaxın Şərq və Şimali Afrika ölkələrinin tarixində xüsusi yer tutan Ərəb Baharının nəticələrinin araşdırılması...